«Yapı Kredi Bank Azərbaycan» QSC 2023-cü ilin birinci rübünü 2.2 milyon manat xalis mənfəətlə başa vurdu.
2023-04-25 22:04:38
-
Yapı Kredi Bank Azərbaycan 2023-cü ilin birinci rübünü 2.2 milyon manat mənfəətlə başa vurmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - mart ayları üzrə faiz gəlirləri 43.7% artaraq 8.3 milyon manat, qeyri-faiz gəlirləri 9.8% artaraq 4.3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 43% artaraq 7.7 milyon manat olmuşdur.
Cari ilin ilk rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC-də müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 34.5% artmış və 235 milyon manat olmuşdur. Belə ki, istehlak kreditləri 5.2% artaraq 48 milyon manat, həmçinin biznes kreditləri 162 milyon manata bərabər olmuşdur. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 13.9% artaraq 26 milyon manat təşkil edib.
Eyni zamanda, bankın depozit portfeli keçən ilin son rübü ilə müqayisədə 28.3% artaraq 366 milyon manat, bankın aktivləri isə 23% artaraq 486 milyon manat təşkil edib.
“Yapı Kredi Bank Azərbaycan” QSC cari ilin ilk 3 ayında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 25.83%, məcmu kapitalının adekvatlıq əmsalı isə 27.64% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 77.7 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.